logo

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin təqvimi açıqlanıb

12:32 04-12-2023 | icon 1260
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin təqvimi açıqlanıb

Futzal üzrə 2026-cı il Avropa çempionatının seçmə mərhələsinin püşkatmasının vaxtı və oyun təqvimi açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, ilkin mərhələnin püşkü 2024-cü il yanvarın 25-də atılacaq. Oyunlar isə aprelin 8-dən 17-dək keçiriləcək. Bu mərhələdə uğur qazanacaq yığmalar mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq komandalara qoşulacaqlar.

Əsas mərhələnin püşkü 2024-cü il iyulun 17-də atılacaq. Bu mərhələdə oyunlar ev-səfər sistemi ilə gələn il dekabrın 9-dan 18-dək, 2025-ci ildə yanvarın 27-dən fevralın 5-dək, martın 3-dən 12-dək və aprelin 7-dən 16-dək keçiriləcək.

Pley-off mərhələsinin püşkü 2025-ci il mayın 15-də, oyunlar isə sentyabrın 15-24-də baş tutacaq. Final mərhələsi 2026-cı il yanvarın 18-dən fevralın 8-dək təşkil olunacaq.

Reqlamentə gəlincə, reytinq cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar ilkin mərhələdən mübarizəyə başlayacaqlar. Bu raundun oyunları miniturnir şəklində keçiriləcək. Əsas mərhələdə isə ümumilikdə 40 komanda yarışacaq. Bura ilkin mərhələdən vəsiqə qazananlar və reytinqi yüksək olduğuna görə mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq komandalar daxildir.

40 komanda hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. Oyunlar ev-səfər qaydasında keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Ən yaxşı göstəriciyə malik 8 “ikinci” isə pley-off-da iştirak edəcək və qalib gələn 4 komanda da Latviya ilə Litvaya qoşulacaq.