logo

COP28 çərçivəsində ölkəmizin mina probleminə dair tədbir keçirilib

11:33 04-12-2023 | icon 637
COP28 çərçivəsində ölkəmizin mina probleminə dair tədbir keçirilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-də iştirak edib.

Agentliyin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Azərbaycanın COP28-dəki pavilyonunda “Mina təhlükəsi ilə mübarizə - yaşıl gələcək: minalarının ətraf mühitə təsirlərinin azaldılması” adlı yan tədbir keçirilib.

Tədbirin məqsədi bu sahədə ən yaxşı təcrübələri paylaşmaq və humanitar minatəmizləmə sahəsində dayanıqlı yanaşmalar üzrə müzakirələri təşviq etmək, icma təhlükəsizliyini təmin edərkən ekosistemlərin qorunmasının vacibliyini diqqətə çatdırmaqdır.

Tədbirdə açılış nitqi ilə çıxış edən agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizin üzləşdiyi mina probleminin miqyasını, ərazilərimizin işğalı zamanı zənginliyi və gözəlliyi ilə tanınan Qarabağın və Şərqi Zəngəzurun təmiz ekosistemi Ermənistanın hərbi qüvvələri tərəfindən dağıdıldığını, təxminən 1,5 milyona yaxın minanın basdırıldığını və 9 min kvadrat kilometr ərazinin təhlükəli hesab edildiyini diqqətə çatdırıb. Bildirib ki, minalar insanların həyatı və rifahı, ətraf mühit üçün ciddi təhlükə yaradır, ekoloji tarazlığa və daha yaşıl, daha sağlam planetə doğru irəliləyişə mane olur. Keçirilən yan tədbir bu istiqamətdə dialoqun təşviqi, biliklərin mübadiləsi və qlobal olaraq aktual problemin həllində birgə səylərin sürətləndirilməsi üçün platforma rolunu oynayır. Biz anlayırıq ki, yaşıl gələcək təkcə iqlim dəyişikliyi ilə mübarizə deyil, həm də müharibənin partlayıcı qalıqlarının yaratdığı təhdidlərdən azad, təhlükəsiz və dayanıqlı mühit yaratmaqdır.

Tədbirdə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək mina və müharibənin digər partlayıcı qalıqlarının ətraf mühitə mənfi təsiri, ekoloji tarazlığın bərpa olunması və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi, eləcə də minatəmizləmə fəaliyyəti ilə ekoloji inkişaf arasında əlaqənin vacib komponent olduğunu bildirib.

Yan tədbir çərçivəsində biomüxtəlifliyin qorunması və ekoloji reabilitasiyanın gücləndirilməsi, minaların ekosistemlərə təsiri və təmizlənmədən sonrakı fəaliyyətdə innovativ ekoloji bərpa üsulları, habelə Azərbaycanda ekologiya kontekstində mina təhlükəsi ilə mübarizə proqramı mövzularında panel müzakirələr keçirilib.

Tədbirdə iştirak edən Münaqişələr və Ətraf Mühit Müşahidələri üzrə qurumun Ətraf Mühit Siyasəti üzrə Mütəxəssisi Linsey Cottrell mövzunun BMT-nin gündəliyi üçün maraqlı olduğunu, minaların ekosistemə təsiri istiqamətində BMT qurumları ilə tərəfdaşlığın gələcək perspektivlərinin mövcudluğunu, həmçinin minaların tərkibində olan toksik maddələrin ətraf mühitə təsirləri üzərində çalışmalara başlanıldığını qeyd edib.