logo

Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

15:15 28-11-2023 | icon 833
Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkmənistana səfəri çərçivəsində Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, iclasda Azərbaycan və Türkmənistan arasında güclü dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İkitərəfli münasibətlərdə mühüm rol oynayan iqtisadi-ticarət sahəsində intensiv inkişaf müşahidə olunur. Ötən il Türkmənistanla ticarət dövriyyəsi 5 dəfədən çox artıb, 2023-cü ildə də artım tendensiyası davam edib. Tədarük olunan məhsulların çeşidini genişləndirməklə ticarət dövriyyəsini daha da artırmaq üçün böyük potensial var. Ölkələrimiz arasında azad ticarət rejimi ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərir. Ticarət sahəsində uğurlu əməkdaşlıq qarşılıqlı investisiyalar üçün stimul ola bilər. Türkmənistanla sənayenin müxtəlif sahələri, investisiya, enerji, gömrük, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. üzrə əməkdaşlıq imkanları böyükdür.

İclasda Azərbaycanın artan iqtisadi göstəriciləri, əlverişli işgüzar mühiti, o cümlədən azad edilmiş ərazilərimizin biznes potensialı, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından işgüzar tədbirlərin davamlı keçirilməsinin önəmi bildirilib, Türkmənistan investorları fəal əməkdaşlığa dəvət olunub.

Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev vurğulayıb ki, ölkələrimiz arasında müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı üçün yaxşı perspektivlər var və Türkmənistan əlaqələrin dərinləşməsinə önəm verir.

İclasda ölkələrimizin iqtisadi müstəvidə ortaq maraqlarına xidmət edən təşəbbüslər, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə müzakirə aparılıb.

İclasın sonunda Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev imzalayıblar. Sənəddə ticarət, sənaye, energetika, nəqliyyat, aqrar və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Türkmənistana işgüzar səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Agro Pack Turkmenistan 2023” beynəlxalq sərgisinin açılış mərasimində iştirak edib. Nümayəndə heyəti innovativ istehsal mexanizmlərinin təqdim edildiyi sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin təqdim etdiyi xidmətlər, həmçinin iqtisadi səmərəliliyin artırılmasını, resurslardan effektiv istifadəni və iqtisadiyyatın müxtəlif sahələri üçün müasir həlləri təmin edən yeniliklərlə tanış olub.