logo

Laçında ilk dəfə əmək yarmarkası keçirilir

12:12 24-11-2023 | icon 1358
Laçında ilk dəfə əmək yarmarkası keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Laçında ilk dəfə olaraq əmək yarmarkası təşkil olunub.

YeniAvropa xəbər verir ki, Laçın şəhərindəki 2 saylı tam orta məktəbdə keçirilən yarmarkada təqdim olunan vakansiyalar şəhərə köçürülən sakinlərin işlə təmin edilməsinə əlavə dəstək məqsədi daşıyır.

Yarmarkada əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Qonaqlar yarmarkada təqdim olunan vakansiyalarla tanış olub, işəgötürənlərlə söhbət ediblər.

Əmək yarmarkasında müxtəlif sektorlardan olan və Laçında fəaliyyət göstərən 16 müəssisə üzrə 200-ə yaxın vakansiya təqdim edilib. Laçın sakinləri işğaldan azad olunan ərazilərdəki vakansiyalar haqqında məlumatlar əldə edib, uyğun iş yerləri üzrə müraciət etmək imkanı qazanıblar. Həmçinin iştirakçılara Agentliyin aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.

Yarmarkanın keçirilməsində əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin məşğulluğunu təmin etmək, işsiz və iş axtaran şəxslərlə işəgötürənlər arasında əlaqə yaratmaq və işəgötürənlərin ixtisaslı kadr tapmalarına dəstək olmaqdır.