logo

Azərbaycanla Qətər əməkdaşlığa dair yeni sənəd imzalayıb

20:50 21-11-2023 | icon 1449
Azərbaycanla Qətər əməkdaşlığa dair yeni sənəd imzalayıb

"Azərbaycanla Qətər arasında tarixi dostluq münasibətlərinə əsaslanan əlaqələr daim genişlənir. Bir çox sahələrdə, həmçinin əmək sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, fəal təcrübə mübadilələri üçün böyük potensial mövcuddur".

YeniAvropa xəbər verir ki, bu fikirlər Qətər Dövlətinin əmək naziri Əli Said bin Samix al Marrinin başçılıq etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüşdə vurğulanıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iki ölkənin dövlət başçılarının səyləri ilə ikitərəfli əlaqələrin inkişaf etdiyini, beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini qeyd edib.

İƏT-in Bakıda fəaliyyətə başlayan Əmək Mərkəzinin üzv ölkələr, o cümlədən Azərbaycan və Qətər arasında sosial sahədə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi qeyd olunub. Əmək, məşğulluq və sosial müdafiə sahələrində ölkəmizdə aparılan son islahatlar, DOST Konsepsiyası, e-xidmətlərin geniş tətbiqi təcrübəsi barədə məlumat verilib. Bu sahələrdə ikitərəfli əməkdaşlığın qurularaq inkişaf etdirilməsinin qarşılıqlı faydalı ola biləcəyi vurğulanıb.

Əli Said bin Samix al Marri Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib. O, Bakıda keçirilən İƏT-ə üzv ölkələrin əmək nazirləri konfransının önəmini vurğulayıb. Əmək sahəsində əlaqələrin inkişaf etdirlməsi üçün qarşılıqlı səylərin göstərildiyini bildirib.

Görüşün yekunu olaraq əmək sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün nazirlər “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qətər Dövlətinin Əmək Nazirliyi arasında əmək sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Qeyd edək ki, nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransında iştirak etmək üçün ölkəmizdə səfərdədir.