logo

"Təfəkkür"ün prorektorunu öldürtdürən rektor həbs edilib

11:11 16-11-2023 | icon 847
"Təfəkkür"ün prorektorunu öldürtdürən rektor həbs edilib

Azərbaycanda prorektorun qətlinə görə daha iki nəfər həbs edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 2011-ci il sentyabrın 16-da qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə cari ilin aprelində Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər görülür.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib.

Cinayət hadisəsinin baş verdiyi vaxt qeyd olunan təhsil müəssisəsinin rektoru vəzifəsində işləmiş, hazırda isə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşfiq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Müşfiq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşfiq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.

Məlumatda bildirilib ki, ötən illərdən bağlı qalan qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin üstünün açılması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələrinin təmin olunması sahəsində kompleks tədbirlərin icrası davam etdirilir.