logo

“Azercell”in süni zəka əsasında çalışan “Virtual Assistent”i abunəçilərin xidmətində

21:11 15-11-2023 | icon 1155
“Azercell”in süni zəka əsasında çalışan “Virtual Assistent”i abunəçilərin xidmətində

Əlaqə Mərkəzinin 25 illiyini qeyd edən “Azercell” noyabrın 15-dən etibarən böyük məmnuniyyət hissi ilə “Virtual Assistent” xidmətini təkmilləşdirərək müştərilərin istifadəsinə verir.

Artıq “Azercell” Əlaqə Mərkəzinə zəng edən abunəçiləri süni zəka əsasında çalışan “AiCell” adlı səsli bot salamlayacaq. Telekommunikasiya sənayesində texnoloji sıçrayış hesab olunan səsli bot layihəsinin ən vacib və maraqlı aspektlərindən biri “Virtual Assistent”in Azərbaycan dilində tam spektrli xidmət göstərməsidir. Müştərilərə yeni təcrübə imkanları yaradacaq “AiCell” daxil olan müraciətləri anlayır, onların uyğun kateqoriya üzrə virtual yolunu təyin edir. Bundan əlavə, emal prosesində abunəçinin istəyindən asılı olaraq əməliyyatları icra edir, zəngləri IVR və ya operatora yönləndirir.

“AiCell” hazırda mobil internet paketləri, rominq xidməti, danışıq tarifləri, balans və tarif balansı xidmətləri, həmçinin “Bölgə Limitsiz” danışıq kampaniyası üzrə ən tələbatlı əməliyyatları yerinə yetirə bilir.

Qeyd edək ki, “Virtual Assistent”in ünsiyyət funksiyaları və xidmət imkanları daha da genişləndirilir. Yaxın gələcəkdə “Virtual Assistent” SimKredit, SimTaksit, Balans sorğuları, habelə internet şəbəkəsinə qoşulma ilə bağlı müraciətlər üçün abunəçilərə rəqəmsal həllər təqdim edəcək.

Süni zəkaya inteqrasiya edən dövrdə Azərbaycan dilində bot tərtib edərək daha bir ilkə imza atan “Azercell” ölkəmizdə yeni texnologiyaların tətbiqi ilə insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması, müştəri təcrübəsinin zənginləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.