logo

Gələn il dövlət büdcəsinin gəlirləri və xərcləri rekord həcmdə olacaq

13:53 13-11-2023 | icon 931
Gələn il dövlət büdcəsinin gəlirləri və xərcləri rekord həcmdə olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini əldə etməyə imkan yaradıb.

YeniAvropa xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 13-də keçirilən plenar iclasında deyib.

O bildirib ki, bu gün Milli Məclisdə müzakirəsinə başlanılan dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər ölkə həyatında müşahidə olunan müsbət meyilləri əks etdirir. Dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri ildən-ilə artırılır. Gələn il bu göstəricilərin rekord həcmdə olması dövlətimizin artan iqtisadi potensialının təzahürüdür.

“Dövlət büdcəsinin layihəsi müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib edilib. Büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib. Belə ki, gələn il sosialyönümlü xərclərin cari ilə nisbətən 1 milyard 35 milyon manat və ya 7 faiz çox olması nəzərdə tutulur. Dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatı da var. Həmçinin sahibkarlığın inkişafına rəvac verilməsi, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin, nəqliyyat, sənaye, energetika və digər sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi diqqət mərkəzində saxlanılacaq”, - deyə Milli Məclisin sədri vurğulayıb.

Sahibə Qafarova qeyd edib ki, gələn ilin dövlət büdcəsinin icrası üçün Azərbaycan Hökumətinin həyata keçirəcəyi tədbirlər, Prezident tərəfindən müəyyən edilmiş hədəflərə nail olunmasına, o cümlədən Azərbaycan iqtisadiyyatının davamlı inkişafına nəzərdə tutulan dövlət proqramlarının və strategiyaların reallaşmasına zəmin yaradacaq.