logo

Bakıda yeni şahmat akademiyası fəaliyyətə başlayıb

11:11 13-11-2023 | icon 980
Bakıda yeni şahmat akademiyası fəaliyyətə başlayıb

Bakıda “ŞAH & mat” şahmat akademiyası fəaliyyətə başlayıb.

YeniAvropa xəbər verir ki, açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədov, tanınmış şahmatçılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə qonaqlar akademiya ilə tanış olublar.

Açılış mərasimində çıxış edən klubun rəhbəri, əməkdar məşqçi Anar Allahverdiyev ölkədə idmana göstərilən dövlət qayğısından, idmançıların, o cümlədən şahmatçıların beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb. O, akademiyanın perspektivləri və hədəfləri barədə qonaqlara məlumat verib.

Mahir Məmmədov akademiyanın fəaliyyətə başlamasını yüksək qiymətləndirərək bildirib ki, bu şahmat məktəbi yeni istedadların üzə çıxmasına böyük töhfələr verəcək: “Akademiyanın təsisçiləri Azərbaycan şahmatının aparıcı simaları olmaqla yanaşı, ölkədə idmanın bu növünün inkişafında xüsusi çəkiyə və önəmə malik insanlardır. “ŞAH & mat” akademiyası qısa bir zamanda ölkə şahmatına yeni adlar qazandıracaq. Çünki burada peşəkarlardan ibarət komanda çalışır”.

Əməkdar məşqçi Xanlar Allahverdiyev çıxış edərək Azərbaycan şahmatında əldə olunan nailiyyətlərdən danışıb, klubun gələcəkdə milli komandalara perspektivli idmançılar bəxş edəcəyinə inandığını diqqətə çatdırıb, “ŞAH & mat”a fəaliyyətində uğurlar arzulayıb.

Sonra açılış mərasimi münasibətilə 7 turdan ibarət blits yarışına start verilib. Oğlanların mübarizəsində Əhməd Hüseynov, qızlarda isə Əsnad Baxşızadə bütün rəqiblərinə qalib gələrək birinci olublar. Qaliblərə pul mükafatı və xatirə hədiyyələri təqdim olunub.