logo

Bu gün millimiz UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək

10:36 10-09-2018 | icon 3059
Bu gün millimiz UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək.

YeniAvropa xəbər verir  ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Ta Qali Milli stadionunda Malta yığmasının qonağı olacaq.

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçın baş hakimi Nikola Dabanoviçdir. Ona yan xətt hakimləri Milutin Cukiç, Yovitsa Tatar köməklik edəcək.

Xatırladaq ki, D liqasının III qrupunda yer alan komandalar ilk matçlarda fərqli nəticələr göstəriblər. Meydan sahibləri səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzubsa, qonaqlar Bakıda Kosovo yığması ilə heç-heçə edib – 0:0.

Malta və Azərbaycan komandaları indiyə qədər 6 dəfə qarşılaşıblar. 1994, 2000 və 2002-ci illərdə baş tutan duellərdə “cırtdanlar” müvafiq olaraq, 5:0, 3:0 və 1:0 hesabları ilə qalib gəliblər. Bu görüşlərdən ikisi yoldaşlıq matçı olub, biri isə beynəlxalq turnirə təsadüf edib.

Milli 2013-cü ildə keçirilən yoldaşlıq oyununda tilsimi qıraraq 3:0 hesabı ilə qalib gəlib. 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan maltalılar Bakıda 2 cavabsız qolla uduzuduqları halda, evdə heç-heçə ediblər – 2:2.

Malta millisi bu il keçirdiyi 5 oyunun heç birində qələbə qazana bilməyib. Rəqib Farer adaları ilə yanaşı, yoldaşlıq matçlarında Lüksemburq (0:1), Finlandiya (0:5) və Gürcüstan (0:1) uduzub, Ermənistanla isə heç-heçə edib (1:1).

Ötən ilin noyabrında baş məşqçi təyin olunan Q.Qurbanov Kosovo ilə matçdan əlavə, komandanı 6 yoldaşlıq görüşünə çıxarıb. Moldova (0:0) və Makedoniya (1:1) ilə heç-heçə edən yığma, Belarusla (0:1) Qazaxıstana (0:3) uduzsa da, Qırğızıstan (3:0) və Latviyanı məğlub edib (3:1).