logo

Salyanda Peşələr Festivalı keçirilib

13:13 06-11-2023 | icon 770
Salyanda Peşələr Festivalı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalı bu dəfə Salyan rayonunda marağa səbəb olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, “Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən Festivalda Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.

Festivalın rayonda böyük marağa səbəb olduğu, gənclərin yeni peşələr barədə məlumatlandırılmasında önəmli tədbirlərdən biri olduğu bildirilib.

Qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanışlıq olub, müxtəlif peşələr üzrə ekspertlərlə söhbət ediblər.

Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, UI/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf-videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilir.

Qeyd edilib ki, bu dəfə də ölkənin 10 rayon və şəhərində keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər.

Bundan başqa festival iştirakçılarına agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumat verilir.

Növbəti festival 2023-cü il noyabrın 9-da Ordubad rayonunda keçiriləcək.