logo

Bakıdakı səhiyyə sərgilərində 14 ölkədən 100 şirkət iştirak edəcək

11:11 31-10-2023 | icon 5803
Bakıdakı səhiyyə sərgilərində 14 ölkədən 100 şirkət iştirak edəcək

Noyabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisi keçiriləcək. Tədbir çərçivəsində gözəllik sektoruna aid şirkətlərin iştirakı ilə “Beauty Azerbaijan” adı altında təşkil olunacaq.

YeniAvropa xəbər verir ki, oktyabrın 31-də keçirilən mətbuat konfransında çıxış edən “Caspian Event Organisers” (CEO) şirkətinin layihə rəhbəri Fərrux Əhmədovun sözlərinə görə, “Medinex” sərgisi sənaye müəssisələrinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumat mübadiləsi aparmaq və sərfəli müqavilələr imzalamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaq.

“Medinex” Azərbaycanda səhiyyə mütəxəssislərini bir araya gətirən mühüm və nüfuzlu tibb sahəsini əhatə edən tədbirdir. Sərgidə aparıcı və yerli xarici istehsalçılar və distribütorlar ölkə klinikalarının təkmilləşdirilməsinə, istehlakçıların tələblərinin ödənməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün yeni məhsul və xidmətlərini təqdim edəcəklər.

İştirakçı ölkələr arasında Azərbaycan, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya Federasiyası, Fransa, Qazaxıstan, Qətər, Misir, Türkiyə kimi ölkələr yer alır.

“Sərgilərə ümumilikdə 14 ölkədən 100 şirkət qatılacaq. Beləliklə, beynəlxalq iştirakçıların da yer alacağı həmin sərgilər sənaye müəssisələrini eyni platformada bir araya gətirmək, işgüzar əlaqələri möhkəmləndirmək və satış coğrafiyasını genişləndirmək üçün əla fürsət yaradacaq”, - deyə F.Əhmədov vurğulayıb.