logo

AFFA 6 klubu cərimələyib

14:11 31-10-2023 | icon 1435
AFFA 6 klubu cərimələyib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

YeniAvropa xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XI turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Turan Tovuz”la oyunda (0:4) dörd futbolçusu sarı vərəqə alan “Kəpəz” klubu 700 manat cərimə edilib. Bundan başqa, “sarı-göylər”in analitiki İlkin Verdiyev hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, Gəncə təmsilçisi isə əlavə 4000 manat ziyana düşüb. Sınaq müddəti 3 ay təyin edilib.

“Sumqayıt” – “Qəbələ” oyununa (0:0) təcili tibbi yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə meydana sahibi klub 1000 manat cərimə ödəyəcək. Həmçinin, qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “gənclik şəhəri” təmsilçisi daha 800 manat cərimələnib.

“Neftçi” ilə matçda (1:0) 4 futbolçusu sarı vərəqə görən “Sabah” komandası 700 manat cərimə edilib. Görüşün 90+3-cü dəqiqəsində qonaq komandanın müdafiəçisi Yuri Matias ikinci sarı vərəqədən “qırmızı” aldığına görə 1 oyun cəzalanıb, klubunu isə 500 manat xərcə salıb. Bundan başqa, oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” əlavə 800 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Qarabağ” oyununda meydan sahiblərinin 5, qonaqların isə 6 futbolçusu sarı vərəqə aldığına görə komandaların hərəsi 700 manat məbləğində cərimə edilib.