logo

Bağlanan “Muğan Bank”ın kreditorları bunları etməlidirlər

20:10 30-10-2023 | icon 826
Bağlanan “Muğan Bank”ın kreditorları bunları etməlidirlər

Ləğv prosesində olan “Muğan Bank” ASC-nin kreditorları artıq Kreditorların Elektron Portalı vasitəsilə tələblərini onlayn qaydada qeydiyyatdan keçirə biləcəklər.

Əmanətlərin Sığortalanması Fondundan YeniAvropa-ya bildirilib ki, “Muğan Bank” ASC-nin kreditorları axtarış sistemində "public.adif.az" yazaraq portala “ASAN Login”dən istifadə etməklə daxil ola bilərlər. Portala daxil olan hər bir istifadəçi ləğv prosesində olan “Muğan Bank” ASC-nin “Kreditor qeydiyyatı” bölməsinə daxil olub əlavə olunacaq sənəd və məlumat xanalarını düzgün şəkildə doldurduqdan sonra tələbinin qeydiyyatını tamamlaya bilər. Tələbin qeydiyyatı tamamlandıqdan sonra tələbini qeydiyyatdan keçirən şəxsin mobil telefon nömrəsinə tələbin qeydiyyatının statusu haqqında məlumatı əks etdirən sms daxil olacaq. Habelə tələbin qeydiyyatının statusu barədə məlumat portalın “Sorğularım” bölməsinə daxil olmaqla da əldə edilə bilər. Kreditorlar həftənin 7 günü, günün 24 saatı, heç yerə getmədən, vaxtlarına qənaət edərək onlayn qaydada portala daxil olub ləğv prosesində olan banka qarşı tələblərini qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.

Əmanətlərin Sığortalanması Fondu bankların ləğv prosesini şəffaf şəkildə həyata keçirmək, ləğv prosesində olan bankların kreditorlarını vaxtında məlumatlandırmaq, kreditorlarla əlaqələri genişləndirmək, habelə onların maraqlarını qorumaq məqsədilə daha öncə Kreditorların Elektron Portalını ərsəyə gətirmiş və ictimaiyyətə təqdim etmişdi.

Bildiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 24 oktyabr tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib, iflas proseduruna başlanılıb və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunub. Oktyabrın 27-dən ləğv prosesində olan “Muğan Bank” ASC-yə qarşı tələblərin yazılı şəkildə qeydə alınmasına başlanılıb.

Ləğv prosesində olan “Muğan Bank” ASC–nin kreditorlarından dekabrın 25-dək tələblərini Kreditorların Elektron Portalından istifadə etməklə və ya bankın aşağıda qeyd edilmiş ünvanda yerləşən Baş ofisinə yaxınlaşmaqla qeydiyyatdan keçirmələri xahiş olunur. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B. Əlaqə: (+994) 941.