logo

Məhkəmə "Muğan Bank”ı müflis elan etdi

17:57 24-10-2023 | icon 1449
Məhkəmə "Muğan Bank”ı müflis elan etdi

Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 24 oktyabr tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

Fonddan YeniAvropa-ya bildirilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən, Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank” ASC-nin ləğvedicisi təyin edilib.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun daha əvvəl yaydığı məlumata görə, əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcəkdir. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 faizinin əmanətləri kompensasiya olunacaq".

Xatırladaq ki,  “Muğan Bank”  son iki ildə fəaliyyəti dayandırılan sayca 6-cı bankdır. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2023-cü il 16 may tarixli qərarı ilə “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib.Bundan əvəl isə daha 4 bankın- “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-nin lisenziyaları ləğv edilib.