logo

Nazir Teymur Musayev ÜST-nin Avropa Regional Komitəsinin sessiyasında çıxış edib

13:13 24-10-2023 | icon 4284
Nazir Teymur Musayev ÜST-nin Avropa Regional Komitəsinin sessiyasında çıxış edib

Astanada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 73-cü sessiyası keçirilir. Sessiyada ÜST-nin Avropa regionunda ali idarəetmə orqanı olan Regional Komitənin 53 üzv dövlətinin səhiyyə nazirləri, digər yüksək vəzifəli rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Azərbaycan sessiyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Tədbirdə Regional Komitəyə üzv dövlətlərdə insanların sağlamlığının qorunması, sanitar-gigiyenik şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyət istiqamətləri və səhiyyə sahəsində bütün Avropa regionu qarşısında duran əsas problemlər müzakirə edilir.

Sessiyanın açılışında ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus və ÜST-nin Avropa Regional direktoru Hans Henri Klüge çıxış ediblər. Bildirilib ki, 2023-cü ildə ÜST-nin yaradılmasının 75 illiyi və İlkin Səhiyyə Xidməti (İSQ) üzrə Alma-Ata Bəyannaməsinin imzalanmasının 45 illiyi qeyd olunur. Buna görə də, sessiyanın Avropa Regionunun sağlamlığı və rifahının təmin olunmasında irəliləyişləri müzakirə etmək, son 75 il ərzində ictimai səhiyyə sahəsində mühüm nailiyyətləri qeyd etmək, gələcək problemlərin həlli ilə bağlı təcrübə mübadilələrinin aparılması üçün əla fürsət olacaq.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, sağlamlığın təşviqi milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərini qurmaq üçün mühüm əhəmiyyət kəsb edir: “Qlobal miqyasda gözlənilən ömür uzunluğu artığından, biz bütün vətəndaşların sağlamlığının qorunmasına xüsusi diqqət yetirməliyik. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın hədəflərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir”.

Teymur Musayev vurğulayıb ki, fövqəladə hallara daha yaxşı hazırlıq və onun nəticələrinin vaxtında aradan qaldırılması davamlı qlobal səhiyyə infrastrukturunu tələb edir: “Qlobal sağlamlıq üçün riskləri azaltmaq və şoka davamlı sağlamlıq sistemlərinə nail olmaq üçün həm beynəlxalq, həm də milli səviyyədə adekvat tədbirlər həyata keçirilməlidir”.

Nazir qeyd edib ki, davamlı inkişaf sülh və təhlükəsizlik olmadan həyata keçirilə bilməz. “2020-ci ildə 44 günlük Vətən Müharibəsi və ötən ay həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan bütün ölkə üzərində öz suverenliyini bərpa edib. İndi biz işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz torpaqlarına qayıtması istiqamətində böyük işlər görürük. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə səhiyyə xidmətlərinin göstərilməsi artıq təşkil olunub. Lakin əvvəllər işğal olunmuş torpaqların mina və partlayıcı maddələrlə hədsiz dərəcədə çirklənməsi böyük qayıdış prosesinə ciddi əngəl törədir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra mina partlayışları nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 300-dən çox vətəndaş həlak olub və ya ağır yaralanıb. Bu, bizim səhiyyəmiz üçün də ciddi problemdir”, - deyə nazir bildirib.

Oktyabrın 26-ı yekunlaşacaq tədbir panel sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələrlə davam edəcək.

Regional Komitə, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun rəhbər və qərarverici orqanıdır. Onun sessiyası isə əhalinin sağlamlıq və rifah vəziyyətini yaxşılaşdırmaq məqsədini daşıyan strategiyaların müzakirəsi və təsdiqlənməsi məqsədilə hər il səhiyyə nazirlərini bir araya gətirən regionda ictimai sağlamlıq məsələləri üzrə əsas toplantıdır.