Sentyabrın 7-də Azərbaycan milli komandası futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kosovo yığması ilə qarşılaşıb.
YeniAvropa xəbər verir ki, Bakı Olimpiya stadionunda keçirilən oyunda Azərbaycan yığmasının start heyətində Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Maksim Medvedev, Mahir Mədətov, Urfan Abbasov, Emin Mahmudov, Ruslan Qurbanov, Riçard Almeyda, Ramil Şeydayev, Bədəvi Hüseynov yer alıblar.
Kosovo millisinin ilk onbirliyində isə meydana Samir Aykani, Fidan Aliti, Xerolind Şala, Xekuran Kriyeziu, Bersant Celina, Arber Zeneli, Amir Raxmani, Merqrim Voyvoda, Vedat Murici, Leart Pacarada və Edon Jeqrova çıxıblar.
Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edib.
İlk dəqiqələrdən irəli atılan Azərbaycan milli komandası rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq, birinci hissə qolsuz heç-heçə ilə başa çatıb.
Fasilədən sonra daha üstün oyun nümayiş etdirən Azərbaycan milli komandası hücumlarının sayını artırıb. Lakin bu fəallıq heç bir nəticə verməyib. Görüşdə hesab açılmayıb - 0:0.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu sentyabrın 10-da səfərdə Malta seçməsi ilə keçirəcək, Kosovo yığması isə doğma meydanda Farer Adaları millisini qəbul edəcək.