logo

ÜST:157 nəfər  meymunçiçəyindən ölüb,yoluxma sürətlə artır

09:29 21-10-2023 | icon 1589
ÜST:157 nəfər  meymunçiçəyindən ölüb,yoluxma sürətlə artır

Bu ilin sentyabrında dünyada meymunçiçəyi virusuna 860-dan çox yoluxma halı müəyyən edilib və 2022-ci ilin əvvəlindən bəri yoluxanların ümumi sayı 91 mini keçib, 157 nəfər ölüb.

YeniAvropa xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bildirilib ki, yoluxmalarla bağlı məlumat 115 ölkədən alınıb.

“2022-ci il yanvarın 1-dən 2023-cü ilin 30 sentyabrına qədər 115 ölkə, ərazi və regiondan ÜST-yə meymunçiçəyi virusuna 91 min 123 yoluxma, o cümlədən 157 ölüm hadisəsi barədə məlumat verilib”, - təşkilatın Cenevrədə dərc olunmuş sənədində deyilir. Sentyabrın 1-dən sentyabrın 30-dək dünyada 868 yeni yoluxma halı qeydə alınıb ki, bu da avqust ayı ilə müqayisədə 16 faiz azdır. Sentyabr ayı ərzində ən çox yoluxma halı iki regionda - Qərbi Sakit Okeanda (bütün yoluxma hallarının 45 faizi) və Avropada (26,4 faiz) qeydə alınıb.

Sentyabrın 30-na olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma ABŞ-da qeydə alınıb (30 636 hal). Sonrakı yerlərdə Braziliya (10 967), İspaniya (7611), Fransa (4158), Kolumbiya (4090), Meksika (4062), Peru (3812), Böyük Britaniya (3805), Almaniya (3708) və Çin (1794) qərarlaşıb. Ümumilikdə, bu ölkələrin payına yoluxma hallarının demək olar ki, 82 faizi düşür. Xəstəliyə yoluxanların böyük əksəriyyəti (96,3 faiz) 29-41 yaş arası kişilərdir.

Qeyd edək ki, meymunçiçəyi xəstəliyi meymunçiçəyi virusunun törətdiyi, əsasən Qərbi və Mərkəzi Afrikada yayılmış nadir xəstəliklərdəndir. Meymunçiyəyi virusu yeni növ virus deyil. İlk dəfə 1958-ci ildə meymun koloniyalarında kəşf edilmiş, ilk insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş vermişdir. Adından görsəndiyinin əksinə olaraq, xəstəlik yalnız meymunlardan ötürülmür. Virusun daşıyıcıları daha çox gəmiricilər və çöl heyvanlarıdır.

İlkin simptomlara yüksək hərarət, baş ağrısı, yorğunluq, halsızlıq, limfa düyünlərinin şişməsi aiddir. Virusun ağır ştamları ilə yoluxduqda 5 faiz hallarda ölüm baş verə bilər.