logo

Firdovsi Umudov: Məqsədimiz dünya çempionatında uğurla çıxış etməkdir

15:15 07-09-2018 | icon 3094
Firdovsi Umudov: Məqsədimiz dünya çempionatında uğurla çıxış etməkdir

Bu ilin əvvəlindən hazırlıq prosesini davam etdiririk. Əvvəlcə Qazaxıstan və Türkmənistan milli komandaları ilə birgə təlim-məşq toplanışı keçirdik. Taktikanın təkmilləşdirilməsindən öncə Qazaxda məşqlər etdik. Oradakı məşqdə Kanada millisinin bir neçə üzvü də iştirak edirdi. Qarşıda komandamızı Minskdə üçqat Olimpiya çempionu Aleksandr Medvedin mükafatı uğrunda Qran-Pri, daha sonra dünya çempionatı gözləyir.

YeniAvropa xəbər verir  ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov sentyabrın 7-də yığmanın açıq məşqi zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

F.Umudov bildirib ki, komandanın üzvləri hazırda Türkiyə millisi ilə birgə təlim-məşq toplanışındadırlar. Bundan əvvəl Türkiyədə Yaşar Doğunun xatirəsinə həsr edilmiş beynəlxalq turnir ərəfəsində də Türkiyə ilə müştərək məşqlər keçirildi. Məqsəd dünya çempionatında uğurla çıxış etməkdir.

“Artıq Belarusdakı turnirdə çıxış edəcək heyət müəyyənləşib. Bir neçə çəki dərəcələri var ki, onlara yenidən baxacağıq. Daha sonra dünya çempionatı üçün heyətimiz açıqlanacaq. Hazırda elə də ciddi zədəli güləşçimiz yoxdur. Yalnız Türkiyədəki toplanışda Toğrul Əsgərovun köhnə zədəsi özünü büruzə verdi. O, artıq bərpa prosesi keçir və zədələrdən xilas olsa yarışlarda iştirak edəcək. Əks halda, onu yığmada görə bilməyəcəyik”, - deyə F.Umudov əlavə edib.

Baş məşqçi deyib: “Bu yaxınlarda federasiyanın birinci vitse-prezidenti Namiq Əliyev ilə söhbətimiz oldu. Gələcək planlarımız çoxdur. Başlıca məqsədimiz odur ki, gənclərin, yeniyetmələrin əsas heyətlə birlikdə hazırlıq proseslərinə fikir verək. Bu gün təlim-məşq toplanışında gənclərdən ibarət milli komanda da böyüklərlə birgə məşq prosesləri keçir. Məqsədimiz odur ki, böyüklərdən ibarət əsas komandanın üzvləri “Yığmada yerimizi bərkitmişik” fikrindən uzaq olaraq rahatlıq tapmasınlar. Bu, əsla elə deyil. Yığmada hər zaman dəyişiklik baş verə bilər. Əsas hazırlığa fikir veririk. Kim özünü yaxşı tərəfdən göstərsə, yarışlarda, beynəlxalq turnirlərdə öz sözünü desə, həmin idmançılara milli komandanın qapıları açıqdır. Bu gün gənclərimiz özlərini yaxşı göstərirlər. Onlar İtaliyada keçirilən Avropa çempionatında 7 medal qazandılar. İndi isə dünya birinciliyinə hazırlaşırlar. Tokio Yay Olimpiya Oyunlarına iki il qalıb. Ola bilsin, gələn il həmin gənclərdən heyətə cəlb etdik. Lisenziya yarışlarında da çıxış edə bilərlər. Bir neçə çəki dərəcəsi var ki, həmin gəncləri orada yoxlayacağıq. Həm fiziki, həm də texniki-taktiki hazırlığı yüksək ola idmançılar və ən əsası, nizam-intizam qaydalarına əməl edən hər bir idmançı millidə öz yerini bərkidir".

Federasiya rəhbərliyinin də bu məsələyə xüsusi diqqət yetirdiyini vurğulayan F.Umudov qeyd edib ki, istər məşqçilərdə, istərsə də idmançılarda ən birinci nizam-intizama fikir verilir. Əvəzolunmaz məşqçi və idmançı yoxdur. Kimsə bu qaydalara əməl etməsə, yığma komandada yer almayacaq. Çalışacağıq ki, qarşıdakı yarışlarda bizə göstərilən etimadı doğruldaq.