logo

Bakı daha bir beynəlxalq elmi konqresə ev sahibliyi edir

11:33 13-10-2023 | icon 5530
Bakı daha bir beynəlxalq elmi konqresə ev sahibliyi edir

Heydər Əliyev Mərkəzində Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin II Beynəlxalq Elmi-Praktik Konqresinin açılış mərasimi keçirilib. 

YeniAvropa xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konqresi açıq elan edən Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin sədri professor Çingiz Rəhimov bildirib ki, bu, səhiyyə sahəsində keçirilən tədbirlər arasında ən irimiqyaslılardandır. Qeyd olunub ki, 30-dan çox ölkədən tanınmış məruzəçilərin qatıldığı tədbirin elmi proqramı ağız və üz-çənə cərrahiyyəsi ixtisası ilə yanaşı, qonşu peşə sahələrini də əhatə edir. Bunlara stomatologiya, üzün plastika və rekonstruksiya cərrahiyyəsi, baş boyun onkologiyası, otorinolarinqologiya və kosmetologiya aiddir.

Tədbirin məqsədinin bu sahədə tibbi xidmətin daha yüksək səviyyələrə qaldırılması üçün ən yeni texnologiyaların tətbiqinin müzakirəsi və təcrübə mübadiləsinin aparılması olduğu vurğulanıb.

Ç.Rəhimov qeyd edib ki, konqres "Əməkdaşlıq sərhədlərimizi genişləndirək" şüarı altında keçirilir.

Konqresdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanda təbabətin aktual problemlərinə həsr olunan konqreslərin, konfransların, böyükmiqyaslı tədbirlərin keçirilməsi ənənəyə çevrilib. Həmin tədbirlərin keçirilməsi dövlət səviyyəsində dəstəklənir.

Son iyirmi ildə ölkəmizdə 750-dən çox tibb müəssisəsinin inşa olunaraq, ən yüksək texnologiyalarla təchiz edilərək əhalinin istifadəsinə verildiyini diqqətə çatdıran komitə sədri əlavə edib: “Hazırda Azərbaycan səhiyyəsinin qarşısında duran ən mühüm məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə viran edilmiş səhiyyə müəssisələrinin bərpasıdır. Bu istiqamətdə artıq uğurlu addımlar atılır. Qədim Şuşada çoxprofilli xəstəxana kompleksinin inşası bitmək üzrədir. Əminəm ki, xəstəxana yaxın vaxtlarda istifadəyə veriləcək”.

Tədbirdə çıxış edən digər qonaqlar tədbirin təcrübə və fikir mübadiləsi aparmaq üçün çox uğurlu platforma olduğunu qeyd edib, konqresin işinə uğurlar arzulayıblar.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, konqresin işinə oktyabrın 14-də yekun vurulacaq.