logo

Avropa Kuboku:Daha üç boksçumuz 1/4 finala vəsiqə qazanıb

10:30 10-10-2023 | icon 1183
Avropa Kuboku:Daha üç boksçumuz 1/4 finala vəsiqə qazanıb

Monteneqronun Budva şəhərində boks üzrə Avropa Kubokunun ikinci günündə Azərbaycan millisinin 3 üzvü 1/4 finala yüksəlib.

YeniAvropa xəbər verir ki, Tayfur Əliyev (60 kiloqram), Sərxan Əliyev (71 kiloqram) və Malik Həsənov (63,5 kiloqram) 1/8 finalda rəqiblərinə qalib gələrək mərhələ adlayıblar.

Tayfur Əliyev ilk döyüşünü qələbə ilə başa vurub. 1/8 finalda Cuzeppe Kanoniko (İtaliya) ilə qarşılaşan Avropa Oyunlarının mükafatçısı inamlı qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, növbəti döyüşünə oktyabrın 12-də çıxacaq və Rusiyanı təmsil edən Arşak Tovmasyanla qarşılaşacaq.

T. Əliyevin qardaşı Sərxan Əliyev də Avropa kubokuna qələbə ilə start verib. 71 kiloqram çəkidə rinqə çıxan boksçu Toni Cası (İBAN) 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesabı ilə məğlub edib. Əliyev 1/4 finalda israilli Miroslav Kapulerlə üz-üzə gələcək. Döyüş oktyabrın 12-də olacaq.

63,5 kiloqramda Malik Həsənov (63,5 kiloqram) da mərhələ adlayıb. O, 1/8 final mərhələsində Bartumey Roskovitsi (Polşa) mübarizədən kənarlaşdırıb. İdmançı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. M. Həsənov ikinci döyüşündə fransalı Lunes Hamruini sınağa çəkəcək. Qarşılaşma oktyabrın 11-də olacaq.

Yarışın 3-cü günündə millinin daha 2 boksçusu mübarizəyə qoşulacaq. Nicat Hüseynov (54 kiloqram) Cianis Salotski (Belarus) ilə, Nəbi İsgəndərov (67 kiloqram) Adrian Krusla (İspaniya) gücünü yoxlayacaq.

Qeyd edək ki, daha əvvəl Şamil Əskərov (57 kiloqram) Avropa Kubokunda 1/4 finala vəsiqə qazanıb.