logo

Azərbaycan Rusiyaya ən çox meyvə-tərəvəz ixrac edən ölkədir-AQTA sədri

16:16 07-10-2023 | icon 2296
Azərbaycan Rusiyaya ən çox meyvə-tərəvəz ixrac edən ölkədir-AQTA sədri

“Azərbaycan ötən 9 ay ərzində Rusiyaya ən çox meyvə-tərəvəz ixrac edən ölkədir. Sevindirici haldır ki, bu il Azərbaycandan məhsul ixracı 7 faiz, o cümlədən giləmeyvələrin ixracı təxminən 27 faiz, tumlu və çəyirdəkli meyvələrin ixracı isə təxminən 50 faizə qədər artıb”.

YeniAvropa xəbər verir ki, bu barədə  Moskvada səfərdə olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli KİV-ə müsahibəsində deyib.

“Bu il ötən illərlə müqayisədə Azərbaycandan ixrac olunan məhsullarda aşkarlanan zərərvericilərin sayı isə azalıb, məhsullarımızın sağlamlıq göstəriciləri beynəlxalq standartlara tam uyğun gəlir. Həmkarlarımız bunu Azərbaycanda meyvə və tərəvəz istehsalına dövlət nəzarətinin artması ilə əlaqələndirirlər. Biz “Rosselxoznadzor”un ekspertləri ilə belə qərara gəldik ki, bir sıra məhsulların ixracı zamanı heç bir laborator müayinə həyata keçirilməyəcək. Belə məhsulların siyahısı rusiyalı həmkarlarımızla birgə tərtib ediləndən sonra təsdiqlənəcək və biz bu barədə sahibkarlara məlumat verəcəyik”, - deyə AQTA sədri bildirib.

Onun sözlərinə görə, əvvəllər ixrac zamanı bir sıra məhsulların, məsələn, tumlu və çəyirdəkli meyvələrin hər partiyası xüsusi bitki xəstəliklərinə görə yoxlanılırdı:

“Bu gün apardığımız danışıqlar nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları laborator müayinələrə cəlb edilmədən AQTA-nın zəmanət məktubu əsasında bu ölkəyə ixrac olunacaq. Bu isə Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı prosesini daha da sadələşdirəcək. Beləliklə, əldə olunan nəticə Azərbaycanın məhsul ixracı potensialının artırılmasına və Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edən şirkətlərin işinin asanlaşmasına gətirib çıxaracaq. Biz, həmçinin tez xarab olan bitkiçilik məhsullarının ixracının sadələşdirilmiş qaydada həyata keçirilməsi barədə həmkarlarımızla razılığa gəlmişik”.