logo

Naxçıvanda ilk dəfə Karyera Forumu keçirilib

14:31 05-10-2023 | icon 1288
Naxçıvanda ilk dəfə Karyera Forumu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində ilk dəfə Karyera Forumu keçirilib.

YeniAvropa xəbər verir ki, Naxçıvanda ilk dəfə olaraq keçirilən Forumda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov və digərləri iştirak ediblər.

“Qədim diyarda yeni fürsətlər” devizi ilə keçirilən Forumun məqsədi peşəkar kadrların yetişdirilməsi, kadr ehtiyaclarının qarşılanması, əmək bazarına keçidin asanlaşdırılması və peşəkar bacarıqların inkişaf etdirilməsidir.

Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə son illər aparılan sosial islahatlar, əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb. O, son 5 ildə qeyri-formal məşğulluqla mübarizə sahəsində aparılan tədbirlər nəticəsində əmək müqavilələrinin sayında 35 faiz artım olduğunu qeyd edib.

Bildirilib ki, tarixi qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri, müharibə iştirakçıları və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstək tədbirləri ilə əhatə olunması istiqamətində mühüm tədbirlər həyata keçirilib və 124 min şəxsə 300 mindən çox xidmət göstərilib.

DOST konsepsiyasından da danışan A.Əliyev artıq 6 DOST Mərkəzinin fəaliyyət göstərdiyini, yaxın zamanda Naxçıvan şəhərində də Mərkəzin istifadəyə veriləcəyini qeyd edib.

Vurğulanıb ki, məşğulluq sistemində də dərin islahatlar həyata keçirilir. Son 5 ildə məşğulluq orqanları tərəfindən 1 milyondan çox şəxslə müxtəlif istiqamətlər üzrə iş aparılıb. Məşğulluq xidmətləri sahəsində innovativ həllərin tətbiqi və rəqəmsallaşdırma işlərindən bəhs olunub. Bu ilin may ayında əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) istifadəyə verildiyi bildirilib.

Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı sistemində səmərəliliyin artırılması məqsədilə Regional Peşə Hazırlığı Mərkəzlərinin modernləşdirilməsi, mərkəzlərin sayının ölkə üzrə 10-a çatdırılması, kursların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması və özəl tədris mərkəzlərinin prosesə aktiv cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Cari ilin ötən dövründə 9 minə yaxın şəxs peşə hazırlığına cəlb olunub.

Peşəyönümü məsləhət xidməti sahəsində bir sıra layihələrin həyata keçirildiyi, 136 mindən çox şəxsə xidmət göstərildiyi və məsləhət xidməti, karyera planlamasının rolunun artırılması istiqamətində işlərin də davam etdirildiyi bildirilib. Qeyd olunub ki, bu Forum əmək bazarının tənzimlənməsi, kadr potensialının gücləndirilməsi, gələcəyin ən vacib əmək bacarıqları və onlara yiyələnmək yolları barədə müzakirə platforması yaratmağa imkan verir.

Forumda müzakirələr aparılıb, spikerlərlə iştirakçıların birgə əməkdaşlığı nəticəsində icmallar hazırlanıb.