logo

500-dək namizəd dövlət qulluğu üzrə imtahan verəcək

10:50 10-05-2024 | icon 966
500-dək namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.

YeniAvropa xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

Dövlət qulluğuna qəbul imtahanı

Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı elektron qaydada təşkil olunacaq. İmtahanda iştirak üçün 117 namizəd qeydiyyatdan keçib. Namizədlər DİM-in saytında müvafiq linkə daxil olub imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidirlər.

İmtahan saat 11:00-da başlanacaq. Namizədlər saat 10:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan

Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 5, AC qrupu üzrə 17, BA qrupu üzrə 65, BB qrupu üzrə isə 254 olmaqla, ümumilikdə 341 namizəd qeydiyyatdan keçib.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı (AB, AC və BA qrupları) iştirakçıları DİM-in saytında müvafiq linkə daxil olub imtahana buraxılış vərəqəsini çap etməlidirlər.

Kağız daşıyıcılar vasitəsilə keçiriləcək dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə qrupu) imtahanı iştirakçıları da buraxılış vərəqəsini DİM-in saytında müvafiq linkdən çap etməlidirlər.

Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidirlər.