Bu gün Türkiyənin Qəbzə şəhərində yaşı 20-dən çox olmayan şahmatçı gənclər arasında dünya çempionatının birinci partiyaları oynanılacaq. Yarışların startına 65 ölkədən 268 idmançı - 168 oğlan və 100 qız çıxacaq. Yarışlar İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.
YeniAvropa xəbər verir ki, yuniorlar arasında çempionatın reytinq-favoritləri Parxam Maqsudlu (2649, İran), Yorden van Foreyest (2624, Niderland) və Aleksandr Donçenkodur (2614, Almaniya).
Bu turnirdə Azərbaycanı beynəlxalq ustalar Vüqar Əsədli, Ülvi Sadıxov, Məhəmməd Muradlı və Nail Başirli, FIDE ustası Kənan Qarayev və Məhəmməd İsmayılov təmsil edəcəklər.
Qızların yarışında Stavrula Solakidu (Yunanıstan, 2393), Davaabemberel Nomin-Erdene (2377, Monqolustan) və Bibisara Assaubayeva (Rusiya, 2371) reytinq-favoritlər statusunda çıxış edəcəklər.
Qızların yarışlarında ölkəmizi beynəlxalq qrossmeyster Aydan Höcətova, FIDE ustası Gövhər Beydullayeva və Aytac Heydərova təmsil edəcəklər.
Çempionatın oyun günləri 5-9 sentyabr və 11-15 sentyabr tarixləridir.