logo

Sabah çox çətin rəqibə qarşı mübarizə aparacağıq-Qurban Qurbanov

14:14 20-09-2023 | icon 1393
Sabah çox çətin rəqibə qarşı mübarizə aparacağıq-Qurban Qurbanov

“Molde” güclü komandadır. Meydanda boşluq buraxmağı sevmirlər. Üç il əvvəl qarşılaşdığımız “Molde” ilə indiki arasında mütləq fərq var. Futbolçuları indi daha inamlıdırlar.

YeniAvropa xəbər verir ki, bu  sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda Norveçin “Molde” klubuna qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis rəqibin kifayət qədər intizamlı çıxış etdiyini bildirib: “Molde”nin oyunlarını izləmişik və nəyə qadir olduğunu bilirik. Sabah çox çətin rəqibə qarşı mübarizə aparacağıq. Əvvəl məqsədimiz qrupa düşmək idi, bunu bacardıq. Azarkeşlərimizin uğur tələb etmələri bizə həmişə motivasiya verib. Ancaq nə qədər istəkli olsaq da, bir o qədər soyuqqanlı davranmalıyıq. Sabah bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı nəticə əldə etmək istəyirik”.

O, zədəli müdafiəçi Bəhlul Mustafazadənin durumuna da aydınlıq gətirib: “Bu barədə oyun saatına kimi məlumat verilməyəcək. Hələ ağrıları var. Dünənə nisbətən fərq hiss olunur. Ancaq bugünkü durumu bizi qane etmir”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.