Sentyabrın 9-dan 16-dək Bolqarıstanda bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından YeniAvropa-ya bildiriblər ki, Sofiya şəhərindəki “Armeyets” arenasında keçiriləcək çempionata 60 ölkədən 900-dən çox qonaq qatılacaq. Çempionatda fərdi yarışlarda 176, komanda yarışlarında isə 36 kollektivin tərkibində 215 gimnast mübarizə aparacaq.
Azərbaycan gimnastları da bu turnirdə fərdi və komanda yarışlarında qüvvələrini sınayacaqlar. Mundialda ölkəmizi qrup proqramında Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova təmsil edəcəklər. Fərdi yarışlarda isə Veronika Hudis, Zöhrə Ağamirova və Darya Sorokina xalça üzərinə çıxacaqlar.
Xatırladaq ki, bu yarışlar Bolqarıstanın ev sahibliyi etdiyi üçüncü dünya çempionatıdır. 1969-cu və 1987-ci illərdə də dünya birinciliyi Bolqarıstanda keçirilib.