logo

Azərbaycan-İslam İnkişaf Bankı əməkdaşlığı müzakirə edilib

10:30 14-09-2023 | icon 1554
Azərbaycan-İslam İnkişaf Bankı əməkdaşlığı müzakirə edilib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) baş icraçı direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) rəhbəri Hani Salem Sonbol ilə görüşüb.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycanın İslam İnkişaf Bankı, həmçinin İİB Qrupuna daxil olan institutlarla uğurla əməkdaşlıq etdiyi vurğulanıb və bu tərəfdaşlığa uyğun olaraq özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərilən dəstəyin yüksək qiymətləndirildiyi qeyd edilib. Azərbaycanın ITFC və ICD ilə əlaqələrin genişlənməsində maraqlı olduğu, işğaldan azad edilmiş ərazilərimizin bərpası sahəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb, bu ərazilərdə dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin dəstəklənməsinin önəmi bildirilib.

Görüşdə bərpaolunan enerji, dövlət-özəl əməkdaşlığı layihələri, KOB-ların inkişaf proqramları, ITFC-nin “Ticarətə Qoşulma Mərkəzi Asiya+” layihəsi çərçivəsində Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq, İslam Maliyyəsi alətlərindən istifadə, ölkəmizdə iqtisadi zonalarda qeydiyyatdan keçmiş rezidentlərlə ICD arasında əməkdaşlıq kimi məsələlər müzakirə olunub.

Qeyd edək ki, “Ticarətə Qoşulma Mərkəzi Asiya+” layihəsinin məqsədi ITFC-nin dəstəyi ilə üzv ölkələr arasında ixracın artımı, eləcə də ticarət sahəsində potensialın reallaşdırılmasından ibarətdir. Proqram çərçivəsində Korporasiyanın MDB regionundakı üzv ölkələrində ticarət sahəsində texniki yardım və təşviq tədbirləri nəzərdə tutulur. Bu mexanizmlər iqtisadi inteqrasiya, inklüziv iqtisadi artım, ixrac imkanlarının genişləndirilməsi, eləcə də rəqabət qabiliyyətliliyin yüksəldilməsinə hədəflənib.