logo

Qarabağ Dirçəliş Fondunun ümumi aktivləri 1,3 milyard manata çaıtıb

14:54 03-08-2023 | icon 1953
Qarabağ Dirçəliş Fondunun ümumi aktivləri 1,3 milyard manata çaıtıb

Qarabağ Dirçəliş Fondu ötən il dekabrın 31-nə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor “PwC Azərbaycan” şirkətinin müvafiq dövr üçün apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edib.

Qurumdan YeniAvropa-ya bildirilib ki, Fondun maliyyə hesabatları 2022-ci il dekabrın 31-i maliyyə vəziyyəti, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatları əhatə edir.

Qeyd olunub ki, Qarabağ Dirçəliş Fonduna ötən il ərzində ümumilikdə 314 milyon 519 min 877 AZN ianə olunub. Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə ötən ilin göstəriciləri ilə müqayisədə maliyyə gəlirini artıraraq 34 milyon 454 min 187 AZN əlavə gəlir əldə edib (2021-ci il ərzində Fond 9 milyon 198 min 829 AZN maliyyə gəliri əldə edib).

Bununla da 2022-ci il dekabrın 31-nə Fondun cəmi aktivlərinin həcmi 1 milyard 238 milyon 123 min 966 AZN təşkil edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”nin 4.7.12-ci yarımbəndinə əsasən Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək Fondun Müşahidə Şurasının əsas vəzifələrindən biridir. Belə ki, 2022-ci il martın 17-də Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə “PwC Azərbaycan” Fondun kənar auditoru kimi təsdiq olunub.