logo

Bakıda “Hyundai” elektrovozla toqquşub: Ölən və yaralılar var 

09:09 03-08-2023 | icon 13881
Bakıda “Hyundai” elektrovozla toqquşub: Ölən və yaralılar var 

Avqustun 2-si saat 23:20 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovoz Qala-Binə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-FV-520 olan “Hyundai Elantra” markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, maşinist tərəfindən təcili tormozlanma aparılsa da, tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində xəsarət almış sürücü və 1 sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılarkən sürücü yolda dünyasını dəyişib.

“Azərbaycan Dəmir Yolları” QSC bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Qeyd edək ki, sürücülərin “Yol hərəkəti haqqında” Qanunun tələblərini kobud pozması nəticəsində cari ildə keçidlərdə 18 hadisə baş verib, 6 nəfər xəsarət alıb, 3 nəfər isə dünyasını dəyişib. Ötən ilin müvafiq dövrü ərzində isə dəmiryolu keçidlərində 12 hadisə baş verib, 4 nəfər xəsarət alıb, 1 nəfər isə həlak olub.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülərə 100 AZN məbləğində cərimə tətbiq olunur.