logo

ACE platformasının üst modulunun tikintisi başa çatıb

15:55 01-08-2023 | icon 1505
ACE platformasının üst modulunun tikintisi başa çatıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının dayaq blokunun üst modulu dənizə bu ilin üçüncü rübündə göndəriləcək.

YeniAvropa Böyük Britaniyanın BP şirkətinin hesabatına istinadla xəbər verir ki, ACE platformasının üst blokunun tikintisi başa çatıb.

Bildirilib ki, ACE layihəsi AÇG yatağının işlənməsinin növbəti mərhələsidir.

Ötən ay elan olunub ki, “ATA (“Amec”-“Tekfen”-“Azfen”) yard” sahəsində inşa edilmiş ACE platformasının üst modulu dənizdəki əməliyyat yerinə çatdırılması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənib.

ACE platformasının tikintisi layihəsi çərçivəsində işlər təqribən 90 faiz tamamlanıb.

Yeni platformada ilk neftin çıxarılması gələn ilin əvvəlində gözlənilir. 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, ACE layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub. Bu, 2017-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından bəri AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard dollar investisiya qoyulub.

ACE AÇG platformaları arasında uzaq məsafədən idarə olunan ilk platforma olacaq - ACE platforması Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil olunub və Səngəçal terminalında yeni ACE idarəetmə mərkəzi inşa edilib. Terminalda idarəetmə mərkəzi artıq tam hazırdır və işlək vəziyyətə gətirilib ki, sınaq işləri aparıla bilsin. Ümumi layihənin tikinti işləri 2019-cu ilin sonlarında başlanıb və yerli resurslardan istifadə olunmaqla ölkə daxilində həyata keçirilib. İşlərin pik dövründə Azərbaycanda tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib.

ACE dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, biri neft ixracı və biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir. Dayaq blokunun tikinti işləri üç il çəkib və ötən ilin sonunda təhlükəsiz şəkildə (heç bir hadisəyə yol vermədən 3 milyon iş saatı təhlükəsiz yerinə yetirilərək) tamamlanıb.