logo

Azərbaycanın ümumi dövlət borcu 17,5 milyard manat təşkil edir

14:28 01-08-2023 | icon 8036
Azərbaycanın ümumi dövlət borcu 17,5 milyard manat təşkil edir

2024-cü il yanvarın 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcunun 6 milyard 381 milyon ABŞ dolları (10 milyard 847 milyon manat), daxili dövlət borcunun isə 6 milyard 688 milyon manat olmaqla ümumi dövlət borcunun 17 milyard 536 milyon manat təşkil etməsi gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.

Gələn il yanvarın 1-nə xarici dövlət borcunun 49 faizi 5 ilədək, 42,6 faizi 5-10 il ərzində, 8,4 faizi isə 10 ildən artıq müddətə kreditorlara ödənilməli olacaq. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilədək müddətə müvafiq istinad dərəcəsi üstəgəl 0,65 faiz dərəcəsi ilə, 10-20 illik müvafiq istinad dərəcəsi üstəgəl 0,8 faiz dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 0,9 faiz dərəcəsi ilə cəlb olunacağı nəzərdə tutulur.

Daxili dövlət borcunun 40,5 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcək. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 13 faizi 1 illik, 66,1 faizi 2-3 illik, 20,9 faizi isə 5-7 illik istiqrazların payına düşəcək. Daxili dövlət borcuna xidmət xərcləri 265,0 milyon təşkil edəcək.

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin kəsiri 155 milyon manat artırılaraq 2 milyard 734,3 milyon manat məbləğinə çatdırılıb. Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait və özəlləşmədən əlavə daxilolmalar hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.