logo

Rövnəq Abdullayev “Qarabağ” klubunu təbrik edib

14:57 31-08-2018 | icon 2814
Rövnəq Abdullayev “Qarabağ” klubunu təbrik edib

AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun növbəti dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı klubu təbrik edib.

YeniAvropa xəbər verir  ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.

Təbrikdə deyilir: “Dünən Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan futbolu üçün daha bir sevindirici hadisənin şahidi olduq. “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdi. Ağdam təmsilçisi artıq dördüncü dəfədir ki, bu nüfuzlu turnirin qrup mərhələsində oynamaq hüququ qazanır. Bu tarixi nəticə, Moldovanın “Şerif” komandası üzərində qazanılmış inamlı qələbə münasibətilə “Qarabağ” klubunun rəhbərliyini, məşqçi-inzibati heyətini, futbolçularını və əlbəttə ki, möhtəşəm dəstəyi ilə hər zaman komandanın yanında olan, onu qələbəyə səsləyən azarkeşləri təbrik edirəm. UEFA Avropa Liqasının cari mövsümünə Bakıda yekun vurulacaq. 2019-cu il mayın 29-da turnirin final qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu gün isə Monako şəhərində UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq. İkiqat sevindirici məqam odur ki, “Qarabağ”ın da adı püşkdə iştirak edəcək 48 klubun siyahısında var. Bu, həm də o deməkdir ki, turnirdə iştirak edən digər komandalar kimi, “Qarabağ” da Avropa Liqasının Bakıda keçiriləcək final oyununa yüksəlmək şansına malikdir. Heç şübhəsiz, bu, ölkəmizdəki hər bir futbolsevərin arzusudur. Arzumuzun həyata keçməsi ümidi ilə ölkəmizin futbol ictimaiyyəti adından “Qarabağ”a qarşıdakı avrokubok oyunlarında uğurlar arzulayır, Avropa Liqasında keçirəcəyi oyunların sayının çox olmasını arzu edirəm”.