logo

Bakıda “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

12:32 21-07-2023 | icon 1981
Bakıda “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iyulun 22-23-də Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Yarmarkanın təşkil olunmasında əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, fermerlər yarmarkada tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə logistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvana qədər daşınacaq.