logo

Sabah rezidenturaya qəbul imtahanı keçiriləcək

09:49 13-07-2023 | icon 2310
Sabah rezidenturaya qəbul imtahanı keçiriləcək

İyulun 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçiriləcək.

DİM-dən YeniAvropa-ya bildirilib  ki, imtahanda 1044 namizəd iştirak edəcək. Onlardan 778 nəfəri Azərbaycan, 266 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 444 nəfəri oğlan, 600 nəfəri isə qızdır. 220 nəfər cari ilin, 422 nəfər əvvəlki illərin məzunudur. 7 nəfər xarici ölkə vətəndaşıdır.

Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

- İmtahana buraxılış vərəqəsi.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 96 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.