logo

Bu gündən magistraturaya ixtisas seçimi başlanır

10:30 06-07-2023 | icon 4186
Bu gündən magistraturaya ixtisas seçimi başlanır

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, 2023/2024-cü tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi 2023-cü il iyulun 6-dan 13-dək aparılacaq.

İxtisaslaşma seçiminə magistraturaya fevralın 19-da və iyunun 11-də keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Həmin bakalavrlar 2023-cü il iyulun 6-dan iyulun 13-dək (saat 23:59-dək) ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçə bilərlər.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilən bütün ixtisaslaşmalar seçim cədvəlinə əsasən bakalavrın bitirdiyi ixtisasa görə seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər (qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı “Magistr” jurnalının 4-cü nömrəsində təqdim olunub).

“Magistr” jurnalının 4-cü nömrəsini “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq mümkündür.

Müsabiqəyə yalnız “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

İxtisaslaşma seçimi elanının tam mətni DİM-in saytında yerləşdirilib.

Qeyd: “SABAH” qrupları üzrə ixtisaslaşmaları iyulun 3–10-da müvafiq ali təhsil müəssisəsi tərəfindən yaradılmış müsahibə komissiyasından uğurla keçmiş bakalavrlar seçə bilərlər. Müsahibədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet səhifəsində tələbələrin qeydiyyatı aparılır.