logo

III Avropa Oyunları:Azərbaycan 5 medalla 10-cu pillədədir

09:09 24-06-2023 | icon 3542
III Avropa Oyunları:Azərbaycan 5 medalla 10-cu pillədədir

Polşada keçirilən III Avropa Oyunlarının dördüncü günündən sonra 57 dəst medal öz sahibini tapıb.

YeniAvropa xəbər verir ki, siyahıda Azərbaycan millisi əvvəlki kimi onuncu pilləyə şərikdir.

Komandamızın hesabında 5 medal var. Onlardan 2-si qızıl, 1-i gümüş, 2-si isə bürünc əyarlıdır.

İlk sırada İspaniya qərarlaşıb. İspan idmançılar 9 qızıl, 5 gümüş və 4 bürünc medala sahib olublar. İlk üçlükdə İtaliya (8 qızıl, 8 gümüş, 9 bürünc) və Polşa (6 qızıl, 2 gümüş, 4 bürünc) yer alıblar.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcəklər. Azərbaycan "Krakov 2023"də 13 növdə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə keçirilib. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı 2015”də 2-ci, “Minsk 2019”da 10-cu yeri tutub.