logo

"Şerif"in baş məşqçisi: "Qarabağ"ın zəif cəhətlərindən yararlanmağa çalışacağıq"

23:52 22-08-2018 | icon 2947
"Şerif"in baş məşqçisi: "Qarabağ"ın zəif cəhətlərindən yararlanmağa çalışacağıq"

Rəqib çox güclü komandadır. Topa yaxşı nəzarət edirlər, hücum futbolu oynamağı sevirlər. Ötən mövsüm Çempionlar Liqasında parlaq çıxış ediblər. Bu səbəbdən, iki hissəlik mübarizənin sabahkı birinci hissəsi ağır olacaq".

YeniAvropa xəbər verir  ki, bunu Moldova "Şerif"inin baş məşqçisi Qoran Sabliç avqustun 23-də Tiraspolda "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib. Xorvatiyalı mütəxəssis bildirib ki, öz komandasında hər şey normaldır, zədəli yoxdur: "Bugünkü məşqdə futbolçuların vəziyyətinə baxacaq və heyəti müəyyənləşdirəcəyik".

Gənc baş məşqçi taktikanı "Qarabağ"ın oyun sisteminə uyğun quracaqlarını söyləyib. Bununla yanaşı, o, əzmkarlığın maksimum səviyyədə olmasının vacibliyini dilə gətirib: "İki gün əvvəl "Milsami"yə qarşı da Milli Diviziyada ağır oyun keçirərək, qalib gəldik. Bu oyun göstərdi ki, bir qədər fərqli çıxış edə bilərik. Eyni prinsiplə sabah da meydana çıxaraq, yaxşı nəticə göstərməyə çalışacağıq. Komandadaxili ab-hava yaxşıdır. Əlbəttə, son oyundakı nəticə bizə bir qədər komfort şərait yaradır. "Milsami"yə qarşı səfərdəki oyunumuzu sabah da davam etdirməyə çalışacağıq. Müdafiədə çox yaxşı çıxış etməliyik. Çünki "Qarabağ"ın çox texnikalı, sürətli oyunçuları var. Görünür ki, oyun strukturu çox yüksək səviyyədədir. Bir tərəfdən, komanda daha çox əks-hücumda çıxış edir. Bu oyun üslubu "Şerif"ə uyğundur. Digər tərəfdən, daha çox texnikalı, mövqe oyunu sərgiləyir. Bunlar iki fərqli fəlsəfədir. Hər iki halda şans var".

Sabliçin sözlərinə görə, məqsəd ən yaxşı oyunlarını göstərməkdir: "Çünki qrup mərhələsinə vəsiqə şansımız var. Birmənalı olaraq, nəyimiz varsa, ortaya qoyacağıq. İlk oyunda azarkeş amili daha yaxşı oyun göstərmək baxımından bizə kömək edə bilər. Lakin zəif cəhətləri də var. Öz yüksək keyfiyyətlərimizi göstərərək, bu məqamlardan yararlanmağa çalışacağıq. Əlbəttə, çətin olacaq. Lakin komandamız hazırdır".

Qeyd edək ki, "Şerif" İdman Kompleksinin stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. ("Report")