"Sabah bizi meydanda çətin rəqib gözləyir. Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni etməyə çalışacağıq".
YeniAvropa xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində Moldovanın "Şerif" klubuna qarşı səfər oyun öncəsi mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
"Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq. Ötənilki "Şerif"lə builki arasında böyük fərq var. Komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq. Emeqaranın olmaması bizim üçün itkidir. Amma biz bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də bəzi problemlər var. Amma buna baxmayaraq oyuna hazırlaşmışıq",-deyə baş məşqçi bildirib.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində baş tutacaq “Şerif” (Moldova) - “Qarabağ” qarşılaşması avqustun 23-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Tiraspolda baş tutacaq görüşü avstriyalı hakimlər briqadası idarə edəcək. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcəklər.
Oyunun hakim inspektoru funksiyasını ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopaine olacaqlar.