logo

“Qarabağ”  UEFA Çempionlar Liqası ilə vidalaşdı

22:48 14-08-2018 | icon 3066
“Qarabağ”  UEFA Çempionlar Liqası ilə vidalaşdı

Avqustun 14-də Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Belarusun "BATE" komandası ilə qarşılaşıb.

YeniAvropa xəbər verir  ki, Bakıdakı ilk oyunda minimal hesabla uduzan “Qarabağ” klubu “Borisov Arena”da keçirilən cavab görüşündə yüksək əzmkarlıq göstərsə də, istəyinə nail ola bilməyib.

Oyunda hesab matçın 20-ci dəqiqəsində açılıb. “Qarabağ”ın müdafiəçilərinin ötürmədəki kobud səhvindən istifadə edərək topu ələ keçirən Mirko İvaniç adını tabloya yazdırıb – 1:0. Ağdam təmsilçisinin səylərinə baxmayaraq, ilk hissədə əlavə qol olmayıb və komandalar fasiləyə ev sahiblərinin minimal hesablı üstünlüyü ilə yollanıblar.

İkinci hissədə də yüksək əzmkarlıq göstərən “Qarabağ” komandası matçın 54-cü dəqiqəsində hesabı bərabərləşdirib. Ağdamlıların mərakeşli legioneri Abdullah Zubirin hava ötürməsindən sonra Mahir Mədətov topu başla Miçelə yönəldib. Miçel isə topu başla BATE-nin qapısından keçirib – 1:1.

Beləliklə, iki oyunun nəticəsinə görə "BATE" klubuna 1:2 hesabı ilə məğlub olan “Qarabağ” komandası UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdamlılar mübarizəyə UEFA Avropa Liqasında davam etdirəcək. UEFA Avropa Liqasında “Qarabağ” klubunun rəqibi play-off mərhələsində “Şerif” (Moldova)–“Valur” (İslandiya) duelinin qalibi olacaq.

"BATE" isə UEFA Çempionlar Liqasının play-off mərhələsində Hollandiyanın “PSV Eyndhoven” komandası ilə üz-üzə gələcək.