"BATE"nin çox güclü komanda olduğunu bildirmişdim. Bakıdakı ilk oyun çox çətin oldu. Cavab oyununda bizi daha çətin mübarizə gözləyir.
YeniAvropa xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında Belarusun "BATE" klubu ilə səfərdə qarşılaşacaq Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl mətbuat konfransında deyib.
Qurban Qurbanov bildirib ki, hazırkı məqamda nə qədər çətin olsa da, qələbədən başqa çıxış yolumuz yoxdur. Uğurlu nəticə qazanmaq üçün meydanda bütün gücümüzü sərf edəcək və ən yaxşısını etməyə çalışacağıq.
Heyətdəki zədəli futbolçularla bağlı danışan BATE komandasının baş məşqçisi Aleksey Baqa deyib: “Nikola Vasileviç və Slobodan Simoviç ciddi zədədən sonra məşq edə bilmirlər. Heyətin qalan üzvləri isə hazırlıqda iştirak edirlər. Səfərdə çox ağır oyun keçirdiyimiz üçün bəzi futbolçularımızda kiçik zədələr yaranıb. Amma bu amil onların meydana çıxmasına mane olmayacaq. Komandanın üzvü Mixail Qordeyçukun matça hazır olub-olmayacağını da dəqiq deyə bilmirəm.
“Qarabağ” hücumda yaxşı legionerləri olan peşəkar komandadır. Rəqibin ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik”, - deyə Belarus təmsilçisinin baş məşqçisi vurğulayıb.
Avqustun 14-də keçiriləcək "BATEÜ – “Qarabağ” cavab oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında Bakıda keçirilmiş ilk oyun Belarus təmsilçisinin üstünlüyü ilə başa çatıb - 1:0.