logo

UEFA Çempionlar Liqası: “Qarabağ”  "BATE"ni qəbul edəcək

08:46 07-08-2018 | icon 3017
UEFA Çempionlar Liqası: “Qarabağ”  "BATE"ni qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

YeniAvropa xəbər verir  ki, Azərbaycan çempionu “Qarabağ” klubu doğma meydanda Belarusun "BATE" komandası ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda veriləcək. Oyunu isveçli Andreas Ekberqin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Mehmet Kulum və Stefan Hallberq kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristofer Karlsson yerinə yetirəcək.

Bu komandalar indiyədək heç vaxt qarşılaşmayıblar. "BATE" klubu Belarusun ən titulu klublarından biridir. Borisov təmsilçisi 14 dəfə ölkə çempionu olub. Aleksey Baqanın yetirmələri indiyədək 11 dəfə avrokuboklarda iştirak etmək hüququ qazanıb. Klubun ən böyük nailiyyəti UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə yüksəlməsidir (2010 və 2012-ci illərdə). Bu komanda UEFA-nın klub reytinqində 70-ci pillədə qərarlaşıb.

Ağdam təmsilçisi birinci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri evdə 0:0 hesablı heç-heçə edərək, növbəti mərhələyə yüksəliblər. İkinci təsnifat mərhələsində “Qarabağ” Albaniyanın “Kukesi” klubunu iki oyunun nəticəsinə görə ilə üstələyib (0:0, 3:0).

Ağdamlılar altı dəfə Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. Qurban Qurbanovun yetirmələrinin avrokuboklarda ən yaxşı göstəricisi 2017/2018-ci illər mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaları olub.

“Qarabağ”-"BATE" duelin qalibi pley-off mərhələsində Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının play-off mərhələsində “Şerif” (Moldova) – “Valür” (İslandiya) cütünün qalibi ilə üz-üzə gələcək.