Avqustun 1-də Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Albaniya təmsilçisi “Kukesi” komandasını qəbul edəcək.
YeniAvropa xəbər verir ki, səfərdə keçirdiyi ilk oyunda qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri doğma meydanda azarkeşlər önündə qələbə qazanmağa çalışacaqlar. Ağdam təmsilçisi bu görüşdə yeni transferləri - Con Delarj və İnnosent Emeqaranı da meydana çıxara bilər.
“Qarabağ” komandası “Kukesi” səddini keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Məğlub olan komanda isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) – “Vikinqur” (Farer adaları) matçında üstün olan klubla qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunun slovakiyalı baş hakim Peter Kraloviç idarə edəcək.
Xatırladaq ki, dünən UEFA Çempionlar Liqasının üç oyunu keçirilib. Səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olan Moldovanın “Şerif” klubu evdə Makedoniyanın “Şkendiya” komandasını sınağa çəkib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Bununla da “Şkendiya” mərhələ adlayıb.
İlk oyunda İsrailin “Hapoel” komandasını beş cavabsız qolla darmadağın edən Xorvatiyanın “Dinamo” klubu cavab oyununda məhsuldar heç-heçə (2:2) sayəsində adını növbəti mərhələyə yazdırıb.
Slovakiyanın “Spartak” klubu Trnavada Polşanın “Legiya” komandasına 0:1 hesabı ilə uduzub. Lakin ilk görüşdən 2:0 hesablı qələbə ilə ayrılan “Spartak” iki oyunun nəticəsinə görə bu turnirdə mübarizəni davam etdirəcək.