Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” komandası iyulun 25-də Albaniyadakı “Loro Boriçi” stadionunda yerli “Kukesi” komandası ilə qarşılaşıb.
YeniAvropa xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb: 0 : 0.
Komandalar arasında cavab oyunu avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Ağdam təmsilçisi birinci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” komandasını mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri evdə 0:0 hesabı ilə heç-heçə edərək, növbəti mərhələyə yüksəliblər. Albaniya klubu isə iki oyunun nəticəsinə görə Maltanın “Valletta” komandasından üstün olub (0:0, 1:1).
Bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Torpedo” (Kutaisi, Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.