Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” komandası Albaniyadakı “Loro Boriçi” stadionunda yerli “Kukesi” komandası ilə qarşılaşır.
YeniAvropa xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb.
Hazırda matçın ikinci hissəsi oynanılır.
Qeyd edək ki, “Qarabağ”ın start heyətində Vaqner, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqoli, Qara Qarayev, Donald Gerye, Simeon Slavçev, Miçel, Filip Ozobiç və Mahir Mədətov yer alıblar.
“Kukesi”nin ilk onbirliyində isə meydana Stivi Fraşeri, Yuli Şameti, Albi Alla, Sebino Plyaku, Haralamb Çaçı, Arber Tsyurbya, Simo Rumbulaku, Besar Musoli, Edis Maliki, Vilyam Kordeyro və Irakli Dzariyq çıxıblar.
Oyunu norveçli baş hakim Ola Hobber Nilsen idarə edir. Ona Tom Harald Qronevik, Qeyr Oskar İsaksen kömək edirlər. Kay Erik Stin isə dördüncü hakim funksiyasını yerinə yetirir.
Xatırladaq ki, Ağdam təmsilçisi birinci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” komandasını mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri evdə 0:0 hesabı ilə heç-heçə edərək, növbəti mərhələyə yüksəliblər. Albaniya klubu isə iki oyunun nəticəsinə görə Maltanın “Valletta” komandasından üstün olub (0:0, 1:1).
Bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Torpedo” (Kutaisi, Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.