Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının rəsmi talismanlarına Miraytova və Someyti adları verilib.
YeniAvropa xəbər verir ki, iyulun 22-də bu barədə Olimpiadanın təşkilat komitəsinin rəsmi saytında məlumat yerləşdirilib.
Məlumatda deyilir: “Adlar 2017-ci ilin dekabrından 2018-ci ilin fevralınadək həm ölkə daxilində, həm də xaricdə yapon ibtidai məktəb şagirdləri arasında keçirilən səsvermə yolu ilə seçilib. Bundan sonra Miraytova və Someyti Olimpiada və Paralimpiadanın rəsmi səfirləri kimi çıxış edəcəklər”.
Olimpiya Oyunlarının talismanının adı iki yapon sözünün - “miray” (gələcək) və “tova” (əbədiyyət) sözlərinin birləşməsindən ibarətdir. Burada əbədi xoşbəxt gələcək barədə arzu öz əksini tapıb. “Biz inanırıq ki, 2020-ci il Oyunları bütün dünyadakı insanların ürəyində ümidlərlə dolu gələcəyə inamı artıracaq”, - deyə məlumatda qeyd edilir.
Someytinin adına gəlincə isə, bu, Nara prefekturasında yetişən Someyyoşino sakura növündən götürülüb və ona həm də kral gilənarı deyirlər. Sakura rəngində boyanmış Someyto özündə Yaponiyanın ürəyini və paralimpiyaçı atletlərin qeyri-adi bacarığını əks etdirir .
Xatırladaq ki, Tokioda Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 8-dək, Paralimpiada isə avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.