Ağdamın "Qarabağ" komandası UEFA Çempionlar Liqası yarışlarına qələbə ilə başlayıb.
YeniAvropa xəbər verir ki, turnirin birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” Lyublyana şəhərindəki “Stojice” stadionunda Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşıb.
“Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Miçel, Mahir Mədətov, Abdulla Zubir, Filip Ozobiç, Yakup Jezniçak, Bədavi Hüseynov, Vild-Donald Qerye və Coşğun Diniyev yer alıblar.
“Olimpiya”nın ilk onbirliyində isə meydana Alyaj İvaçiç, Maki Banyak, Marko Qaiç, Rok Kronaveter, Abas İssa, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Ştefan Saviç, Tomislav Tomiç və Daniel Avramovski çıxıblar.
Oyunu Belçikadan olan hakimlər briqadası idarə edib.
Oyununun ilk hissəsində hesab açılmayıb. Ağdam təmsilçisi bir neçə dəfə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsa da, futbolçularımız fərqlənə bilməyiblər.İkinci hissədə Vild-Donald Qeryenin vurduğu qolla Ağdam təmsilçisi meydandan qələbə ilə ayrılıb - 1:0.
Komandalar arasında cavab oyunu iyulun 18-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Qarabağ” mərhələ adlayacağı təqdirdə ikinci seçmə mərhələsində “Kukesi” (Albaniya)-“Valetta” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.