logo

“DŞ-2018”: Bu gün ikinci finalçı məlum olacaq

12:13 11-07-2018 | icon 3080
“DŞ-2018”: Bu gün ikinci finalçı məlum olacaq

İyulun 11-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ikinci yarımfinal oyunu keçiriləcək.YeniAvropa xəbər verir  ki, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüşdə İngiltərə və Xorvatiya yığma komandaları üz-üzə gələcəklər. Moskvadakı “Lujniki” stadionunda keçiriləcək matçın baş hakimi türkiyəli Cüneyt Çakır olacaq.

“Dumanlı albion” təmsilçisi Belçika, Tunis və Panama ilə eyni qrupda mübarizə aparıb. İngilislər qrupda üç oyunun ikisində qələbə qazanıb və bir qarşılaşmada uduzublar. Komanda ilk turda Tunisi 2:1, ikinci turda isə Panamanı 6:1 hesabı ilə məğlub edib. 1966-cı ildəki dünya çempionatının qalibləri sonuncu turda Belçikaya 0:1 hesabı ilə məğlub olublar. İngiltərə millisi səkkizdəbir finalda Kolumbiyanı 11 metrlik cərimə zərbələri seriyasında, İsveçi 2:0 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Aktivində 6 qol olan İngiltərə millisinin hücumçusu Harri Keyn çempionatın ən məhsuldar futbolçusudur.

“D” qrupunda Nigeriya (2:0), Argentina (3:0) və İslandiyaya (2:1) qalib gələn xorvatiyalılar 9 xalla qrupu ilk sırada başa vurublar. Xorvatiya yığması səkkizdəbir finalda Danimarkanı, dörddəbir finalda isə Rusiya yığmasını 11 metrlik cərimə zərbələri seriyasında məğlub edərək mübarizədən kənarlaşdırıb.

Hər iki komanda dünya çempionatlarında ilk dəfə qarşılaşacaq. Xorvatiya millisi mundiallar tarixində ikinci dəfə yarımfinal matçına çıxacaq. Komanda ilk dəfə mundialda iştirak etdiyi 1998-ci ildə yarımfinalda Fransaya 1:2 hesabı ilə məğlub olub.

İngiltərə yığması isə dünya çempionatları ərzində üçüncü dəfə yarımfinal matçına çıxacaq. Britaniyalılar çempion olduqları 1966-cı il dünya çempionatının yarımfinalında Portuqaliyanı 2:1 hesabı ilə məğlub ediblər. İngilislər 1990-cı ildə isə əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda 11 metrlik cərimə zərbələri seriyasında Almaniyaya uduzublar.

İngiltərə yığması mundialda yeganə komandadır ki, heyətindəki futbolçuların hamısı ölkə çempionatında – Premyer Liqada çıxış edir.

İngiltərə-Xorvatiya oyunu İdman Azərbaycan Televiziyası ilə canlı yayımlanacaq.

Qeyd edək ki, mundialın birinci yarımfinal oyununda Fransa millisi Belçika yığmasını məğlub edərək son 20 il ərzində üçüncü dəfə final mərhələsinə vəsiqə qazanıb.

Dünya çempionatında üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.