logo

“DÇ-2018”: Belçika millisi Braziliyanın yarımfinala yolunu kəsdi

23:59 06-07-2018 | icon 3010
“DÇ-2018”: Belçika millisi Braziliyanın yarımfinala yolunu kəsdi

İyulun 6-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinin ikinci qarşılaşmasında Braziliya yığması Belçika millisi ilə üz-üzə gəlib.

YeniAvropa xəbər verir  ki,  “Kazan Arena”da keçirilən oyunun 13-cü dəqiqəsində hesab açılıb. Braziliyalı futbolçu Fernandino avtoqolla yadda qalıb. Görüşün 31-ci dəqiqəsində Belçika millisinin üzvü Kevin De Breyne hesab arasındakı fərqi artırıb. Görüşün ilk hissəsi Belçika millisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Serbiyalı baş hakim Milorad Maziçin idarə etdiyi oyunun ikinci hissəsinə Braziliya millisi daha fəal başlayıb. Qarşılaşmanın 76-cı dəqiqəsində Renato Auqusto fərqlənərək hesab arasındakı fərqi azaldıb. Görüşün sonunadək komandalar təhlükəli vəziyyətlər yaratsalar da, top qapıdan keçməyib.

Beləliklə, görüşdə Belçika millisi 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib və Fransa yığmasına rəqib olub.

Xatırladaq ki, Belçika yığması bu görüşə qədər 23 oyunda məğlub olmayıb. Son 15 oyunda məğlubiyyətlə üzləşməyən Braziliya millisi isə qapısında cəmi üç qol görüb.

Dörddəbir final mərhələsinin iyulun 7-də keçiriləcək digər görüşlərində İsveç ilə İngiltərə yığması, ev sahibi Rusiya isə Xorvatiya millisi ilə üz-üzə gələcək.

İsveç-İngiltərə matçı Bakı vaxtı ilə saat 18:00-da, Rusiya-Xorvatiya görüşü isə saat 22:00-da başlayacaq.

Çempionatın yarımfinal mərhələsinin görüşləri iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.