İyulun 6-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinə Uruqvay-Fransa oyunu ilə start verilib. YeniAvropa xəbər verir ki, “Nijniy Novqorod Arena” stadionunda keçirilən görüşdə qalib gələn Fransa yığması yarımfinala ilk vəsiqənin sahibi olub.
Argentinalı Nestor Pitananın idarə etdiyi matç sürətli hücumlarla başlayıb. Fransızlar oyunun birinci hissəsinin sonuna yaxın hesabı açıblar. Antuan Qrizmanın cərimə zərbəsindən hava ötürməsini başla dəqiq tamamlayan Rafael Varan adını tabloya yazdırıb – 1:0.
İlk hissə bu hesabla da başa çatıb.
Fasilədən sonra Uruqvay yığması hesabı bərabərləşdirmək üçün irəli atılsa da, 61-ci dəqiqədə öz qapılarında ikinci qolu görüblər. Belə ki, Antuan Qrizmanın uzaq məsafədən qüvvətli zərbəsindən sonra qapıçı Muslera kobud səhvə yol verərək üzərinə gələn topu ram etməkdə çətinlik çəkib – 2:0.
Qalan dəqiqələrdə oyunda başqa qol olmayıb və matç Fransa yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, XXI dünya çempionatının ilk yarımfinalçısı Fransa yığması olub. Fransızlar yarımfinalda Braziliya-Belçika qarşılaşmasının qalibi ilə qarşılaşacaqlar. Braziliya-Belçika görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Dörddəbir final mərhələsinin digər görüşlərində İsveç ilə İngiltərə yığması, ev sahibi Rusiya isə Xorvatiya millisi ilə üz-üzə gələcək.